Putinə yaxın generalın eyş-işrət məclisi ilə bağlı məlumatlar mətbuata sızıb
Uzun illər Rusiya prezidenti Vladimir Putinin şəxsi təhlükəsizliyinə cavabdeh olmuş general Viktor Zolotovun modellərlə Afrrikadakı Seyşel adalarında tətili ilə bağlı məlumatlar mətbuata sızıb.
Press Buzzy xəbər verir ki, “Dossier Mərkəzi” V. Putinin ən yaxın adamlarından olan Milli Qvardiyanın Baş Komandanı V. Zolotovun 100 min dollarların xərcləndiyi tətilinin təfərrüatlarını paylaşıb.
Rusiyada hökumət əleyhinə nəşrləri ilə tanınan “Dossier Mərkəzi”nin dərc etdiyi yeni hesabatda Zolotovun iki dəfə Seyşel adalarında olduğu və bu səfərlərdə bir çox gənc modelin onu müşayiət etdiyi bildirilir.
Məlum olub ki, Putinin də mühafizəçisi olan Zolotov Seyşel adalarının ən dəbdəbəli otellərindən biri olan “Four Seasons Resort”da qalıb və onu rusiyalı oliqarx Boris Vaninski müşayiət edib.
Bildirilir ki, Zolotov və Vaninski gənc modellərlə Seyşel adalarına səfər edərkən Zolotovun şəxsi “Falcon 7Х” biznes-jetindən istifadə ediblər. Cütlüyə Kremlə yaxın olan bəzi adların, eləcə də Zolotovun 42 yaşlı oğlu Romanın qoşulduğu da bildirilir.
Kremlə yaxınlığı ilə tanınan iki şəxslə Seyşel adalarına gedənlər arasında xanım Evelina Levieva da olub. Sosial şəbəkələrdəki paylaşımlara görə, Artlife incəsənət saytının yaradıcısı Anastasiya Andreeva və saytın meneceri Krestina Lantsova da tətildədirlər.
Rusiyanın müxalifət nəşri səfər zamanı Putinin yaxını Zolotovun yanında olan Anastasiya Bueviçin də olduğunu iddia edib. Qəzet Bueviçin cəmi 24 yaşı olmasına baxmayaraq onun dəbdəbəli həyatına və avtomobillərinə də diqqət çəkib.
Araşdırmaçılar tətildə adları çəkilən şəxslərdən cavab ala bilmədiklərini yazıb.
Zolotovun bu dəbdəbəli səfəri beynəlxalq ictimaiyyətin, xüsusən də Britaniya mətbuatının gündəminə çevrilib.